Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:56

Azərbaycanda koronavirusdan ilk ölüm


Azərbaycanda koronavirusa yoluxmuş bir şəxs vəfat edib.

Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah bugün, martin 12-də məlumat yayıb.

Qərargahdan verilən məlumatda bildirilir ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib:

“Müayinələr zamanı onda ağır avtoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Systemic Lupus Erythematosus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib. Ağır gedişli avtoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkarlanıb”.

Açıqlamaya görə, eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub:

“Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilib, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq, həmin şəxsin ağır avtoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edilib, onun həyatını xilas etmək mümkün olmayıb".

Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib və onlar karantinə götürülüb.”

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Bu müddət sonra da daha 2 həftə uzadılıb.

Azərbaycanda 15 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Onlardan 3-nün indiyə kimi sağaldığı deyilir. Əsasən İrandan qayıdan yüzlərcə şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 5-minə yaxın şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

Martın 12-nə olan məlumata görə, dünyada 129.185 nəfər koronavirusa yoluxub və bu xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir.

XS
SM
MD
LG