Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 18:07

Sülhməramlılarla bağlı: 'İndi Rusiya istəyir ki, Azərbaycan...'


Rusiya prezidenti Vladimir Putin Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Rusiya prezidenti Vladimir Putin Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə Bişkekdə görüşü olub. Görüşdən əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov demişdi ki, iki prezident Qarabağ ətrafındakı vəziyyəti müzakirə edəcəklər: "Gündəlikdə Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara əməl etməklə Azərbaycanın hüquqi məkanına dinc inteqrasiyası var".

Uşakov əlavə edib ki, Rusiya sülhməramlı kontingenti buna töhfə verməyə hazırdır.

Dünən, oktyabrın 12-də görüş zamanı V.Putin də bildirib ki, "bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir".

Bir neçə gün öncə İ.Əliyev MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edərkən demişdi ki, rəsmi Yerevan Rusiya vasitəçiliyindən imtina edərsə, buna alternativ Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birbaşa danışıqları ola bilər: "Hər hansı digər meydançalar bizim tərəfimizdən öz xidmətlərini təklif edən ölkələrin həqiqətə və beynəlxalq hüquqa yanaşmaları baxımından qiymətləndiriləcək".

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

Deputat: "Bir addım qalıb"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlu "Turan"a deyib ki, hazırda Qərb Azərbaycan-Ermənistan münasibətlərini özlərinin geosiyasi maraqlarına uyğun tənzimləməyə çalışır: "O maraq da ondan ibarətdir ki, gələcəkdə Cənubi Qafqaz regionunda geosiyasi ambisiyalarını reallaşdırmaq imkanları olsun. Bunun üçün də hansısa məsələni açıq saxlayacaqlar və Paşinyanın missiyası ondan ibarətdir ki, proseslər Qərbin istədiyinə uyğun olsun".

Deputat V.Putinin "birinci əsas müzakirə məsələsi Qarabağ olacaq" söyləməsinə də toxunub: "Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Ermənistan özü də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Qarşıda bir addım qalıb, bu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır".

O, sülhməramlıların gələcək taleyinə də toxunub: "Sülhməramlıların gələcək taleyinə gəlincə, Rusiya-Azərbaycan arasında bu məsələ müzakirə olunacaq və dövlətimiz, həmişəki olduğu kimi, ən doğru addımları atacaq".

Rusiya-Türkiyə Monitorinq mərkəzinin rolunun artırılması...

Yeri gəlmişkən, son günlər Rusiya sülhməramlılarının gələcək taleyi Azərbaycan hakimiyyətinə yaxın medialarda da müzakirə edilir. Hətta bəzi hakimiyyətə yaxın icmalçılar üç il əvvəl Ağdamda yaradılan Rusiya-Türkiyə Monitorinq mərkəzinin rolunun hansısa mərhələdə artırılması variantından da bəhs edirlər.

V.Hacıbəyli
V.Hacıbəyli

Siyasi şərhçi Vaqif Hacıbəyli isə AzadlıqRadiosuna bildirib ki, Rusiya "sülhməramlılar" adı altında öz qoşunlarını Azərbaycanda saxlamaq istəyir və bu məsələ iki prezident arasında müzakirə olunur: "Həmin qoşunların Azərbaycana gətirilməsi özü çox böyük tarixi səhv idi. Düzdür, indi Ermənistanın mövqeyi ilə bağlı vəziyyət xeyli dərəcədə dəyişdi. Putin də bu məsələdə, Paşinyanın Azərbaycan ərazi bütövlüyünü tanıdığına görə çox qəzəblidir".

O vurğulayır ki, Rusiya sülhməramlıları Azərbaycanda bəyanat əsasında yerləşdirilib: "İndi Rusiya istəyir ki, Azərbaycanın qanunverici orqanı onların mandatını təsdiqləsin. İlham Əliyevlə danışıqlarda, şübhəsiz ki, bu məsələ qaldırılıb. Tələb qoyulub ki, bu qoşunlar bu və ya digər şəkildə burada saxlanılsın. Amma buna ehtiyac yoxdur və çox yaxın bir zamanda bu məsələ öz həllini tapacaq".

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG