Keçid linkləri

2025, 08 Yanvar, çərşənbə, Bakı vaxtı 19:24

Fransa məktəblərində əba qadağan olunacaq


Əba Fransanın nüfuzlu dəb salonlarından birində nümayiş etdirilərkən
Əba Fransanın nüfuzlu dəb salonlarından birində nümayiş etdirilərkən

Fransa məktəblərində şagird qızların ənənəvi müsəlman əbası geyinməsi qadağan olunacaq.

Bu barədə məlumatı Fransanın təhsil naziri Qabriyel Attal verib.

Fransanın TF1 telekanalına müsahibəsində nazir deyib ki, “siz sinfə daxil olanda şagirdlərin dini mənsubiyyətlərini yalnız onlara baxmaqla müəyyən edə bilməməlisiniz”.

Attal əlavə edib ki, qadağanın necə həyata keçirilməsi məsələsini gələn həftə məktəb direktorları ilə müzakirə edəcək.

Sentyabrda qüvvəyə minəcək

Qadağanın yeni tədris ilindən, sentyabrın 4-dən qüvvəyə minəcəyi gözlənilir.

Fransada 2004-cü ildə şagirdlərin dini simvolları, o cümlədən böyük xristian xaçlarını, yəhudi fəslərini və müsəlman baş örtüklərini nümayiş etdirməsini qadağan edən qanun qəbul olunub.

Lakin indiyədək əba rəsmən qadağan olunmamışdı.

Bu da qeyd olunur ki, son vaxtlar Fransa məktəblərində ənənəvi İslam geyiminin əvəzinə əba geyinən qızların sayı artıb.

Rəsmilər bildirirlər ki, bu, Fransa Respublikasının dünyəvi dəyərlərinə ziddir.

Birmənalı qarşılanmayıb

Ötən ay Fransa Milli Məclisinin sədri Yael Braun-Pive “müstəsna olaraq dünyəvi dövlət məktəbləri” prinsipinin tətbiqinə çağırmışdı.

Onun sözlərinə görə bu məktəblərdə “nə Ramazan, nə əba, nə də dini mənsubiyyəti əks etdirən başqa elementlər olmalıdır”.

Respublika Partiyası təhsil nazirinin təşəbbüsünü dəstəkləyib və bunu “zəruri və vaxtında atılmış addım” adlandırıb.

“Yenilməz Fransa” – LFI solçu partiyasında isə, əksinə, qadağanı, konstitusiyaya zidd hesab edirlər.

Ölkədə bir çox İslam təşkilatlarını birləşdirən Fransa Müsəlmanları Şurası (CFCM) bəyan edib ki, özlüyündə geyim heç bir dini mənsubiyyət əks etdirmir.

XS
SM
MD
LG