Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

İlqar Məmmədovun “yarımçıq” portreti


İlqar Məmmədov saxlanır
İlqar Məmmədov saxlanır

►“Savadlıdır, cəsarətlidir, vicdanlıdır, təcrübəlidir. Ürəkdən ona acıyıram. Belə bir oğulun məhbəsdə yatması xalqımıza, respublikamıza ağır zərbədir. Onun biliyindən, savadından istifadə etmirik”

“Qətiyyətli”, “transformasiyaya uğrayan”, “hakimiyyətin PR etdiyi siyasətçi”nin yarımçıq portreti

ETİBAR MƏMMƏDOVUN “ƏMİOĞLUSU”

O, siyasətə milli istiqlalçı kimi gəldi. Hər halda, beş il (1998-2003-cü illərdə) Azərbaycan Milli İstiqlal Partiyasında sədr müavini olub, hətta soyad oxşarlığına görə yanlışlıqla onu partiyanın o zamankı sədri Etibar Məmmədovun əmisioğlu kimi təqdim edənlər də tapılırdı. Hər nə qədər zahirən əmioğluna bənzəməsələr də. Ancaq zaman Məmmədovların siyasi fikirlərində də qohumluq əlaqələri olmadığını ortaya çıxardı.

Bir neçə il sonra İlqar Məmmədov REAL – Respublikaçı Alternativ Hərəkatının lideri kimi fəaliyyətə başladı. Bu qurum 2009-cu ildə ölkə Konstitusiyasında prezidentə müddətsiz seçilmə hüququ verilən referendumdan sonra, cümhuriyyət ideyalarının qorunması məqsədilə yarandı.

İlqar Məmmədov məhkəmədə
İlqar Məmmədov məhkəmədə

Az sonra sədrin prezidentliyə iddialı olduğu bəyan edildi. Növbəti prezident seçkilərinə start verilməzdən öncə, 2013-cü ilin fevralında İlqar Məmmədov İsmayıllı hadisələri zamanı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbsə atıldı. Məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edildi.

KEÇDİYİ YOL

Moskva Dövlət Universitetinin məzunu, Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasət üzrə magistr dərəcəsi alan Məmmədov beynəlxalq əlaqələri ilə də tanınır. Həbsdəki siyasətçilər arasında beynəlxalq dairələrdə ən çox siyasi dəstəyi olduğu deyilən, beynəlxalq qurumların azadlığa buraxılmasını israrla tələb etdiyi lider də odur.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

İlqar Məmmədov Beynəlxalq Valyuta Fondunda məsləhətçi işləyib. Uzun illər Black Sea Trust of the German Marshall Fund və Revenue Watch Institute təşkilatlarının İdarə Heyətinin, Avropa Şurası Siyasi Məktəblər Şəbəkəsinin üzvü, sonra Azərbaycan üzrə direktoru olub. NATO, BMT, Avropa Birliyi və bir sıra digər beynəlxalq qurumlarda məsləhətçi və məruzəçi qismində iştirak edib.

“SAVADLIDIR, CƏSARƏTLİDİR, VİCDANLIDIR... ÜRƏKDƏN ACIYIRAM”

Politoloq Zərdüşt Əlizadə onu hakimiyyətə “real rəqib” sayır və siyasətçini belə xarakterizə edir:

Zərdüşt Əlizadə: "İlqar Məmmədov cəsarətlidir, ağıllıdır, vicdanlıdır..."
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
Direct-ə keçid

“Savadlıdır, cəsarətlidir, vicdanlıdır, təcrübəlidir. Ürəkdən ona acıyıram. Belə bir oğulun məhbəsdə yatması xalqımıza, respublikamıza ağır zərbədir. Onun biliyindən, savadından istifadə etmirik. Onun zərrəsi olmayan adamlar yuxarılarda oturur, Azərbaycanı təmsil edirlər. Bu cür dəyərli insan 3 ildir məhbəsdədir və bu, günahdır”.

REAL sədri həbsdən çıxarsa, Azərbaycanın siyasi mühitində nələrisə dəyişə bilərmi, o, nə qədər real gücdür? Politoloq ümumi cavab verir:

“REAL-ın təşəbbüskar və qətiyyətli lideri onu daha uğurlu idarə edə bilər”.

“TƏHQİRAMİZ LEKSİKONU SİYASİ FƏALİYYƏTİNİN DƏSTİ-XƏTTİNƏ ÇEVİRDİ”

Zahid Oruc
Zahid Oruc

Deputat Zahid Oruc isə Zərdüşt Əlizadə ilə razı deyil, İlqar Məmmədovu hakimiyyətə bir nömrəli alternativ görmür və buna bənzər fikirlərin səslənməsini siyasətçinin həbsdə olması ilə izah edir:

“İlqar Məmmədovun mənəvi-siyasi dünyasında çox böyük təbəddülatlar, kəskin transformasiyalar baş verdi. Onun fəaliyyətini bir neçə mərhələyə bölənlər haqlıdırlar.

Zahid Oruc: "AMİP-də sakit platformada daynan İlqar Məmmədov birdən-birə təhqiramiz leksikonla gəldi"
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00
Direct-ə keçid

AMİP mərhələsində xeyli sakit platformada dayanan şəxs REAL-ı yaradandan sonra həddən artıq təhqiramiz leksikonu siyasi fəaliyyətinin dəsti-xəttinə çevirdi. Halbuki çoxları onu ingilis, rus dilində yaxşı danışan, ABŞ səfirliyində, donor mənbələri ilə işləyən, Qərb institutlarının siyasi sistemini dərindən analiz etmək imkanına malik biri kimi tanıyırdı. Və ondan belə radikallıq və belə dil gözləmirdilər. İsmayıllı hadisələrində iştirakı da o fəaliyyətinin son mərhələləri ilə bağlı oldu”.

“SÖVDƏLƏŞMƏLƏRƏ GETMƏDİ”

REAL İdarə Heyətinin üzvü Erkin Qədirliyə görə, İlqar Məmmədov ilk növbədə dəyərləri, düşüncələri, davranışları ilə “düzgün adam” olduğunu göstərdi. Onun sözlərinə görə, sədrin video-müsahibələri, çıxışları, yazıları indi də baxılmaqda, oxunmaqdadır.

“Tanımadığımız adamlar İlqar Məmmədovun videosuna baxdıqlarını, yazısını oxuduqlarını deyirlər. Təbliğatına ehtiyac da yoxdur. İlqar qətiyyətlidir, prinsipialdır, əqidəlidir. Uzun müddət həbsdə qalması da bunu göstərir. Yəni əfv yazmadı, boyun əymədi, sövdələşmələrə getmədi, təzyiqlərə, şantajlara, hətta fiziki təzyiqlərə belə dözdü”.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

“BALANSLI DANIŞIR”

Erkin Qədirli İlqar Məmmədovun siyasətçi kimi inandırıcı danışdığını, çıxışlarında emosiyalarını və mühakimələrini balanslı şəkildə çatdırmağı bacardığını söyləyir.

Erkin Qədirli: "İlqar Məmmədovun təbliğata ehtiyacı yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

Eyni zamanda, onun siyasətçi kimi yaxşı əlaqələri, tanışlıqları olduğunu, bir neçə xarici dil bildiyini, iş təcrübəsinə malik olduğunu, siyasi səhnəni yaxşı tanıdığını da vurğulayır.

“İlqar Məmmədov həbsindən sonra daha çox məşhurlaşdı və siyasətçi kimi tanındı” deyə düşünənlər də var. Erkin Qədirli deyir: “Orda-burda belə yanaşmalara da rast gəlmək olur ki, sanki hökumət İlqar Məmmədovu PR edir, reytinqini qaldırır. Ancaq fakt odur ki, onu əqidəsindən dönməməsi populyarlaşdırdı”. (ardı aşağıda)

“HAKİMİYYƏT QƏRƏZLİDİR”

REAL-çılar hakimiyyətin sədrlərinə qarşı qərəzli olduğunu düşünürlər.

“Siyasi məhbuslar bir-bir buraxılsa da, İlqarı saxlayırlar. Baxmayaraq ki, Avropa İnsan Haqları Məhkəməsinin İlqarın buraxılması haqda qərarı var, Avropa Şurası Nazirlər Kabinetinin beş qətnaməsi var. Hamısında da buraxılması tələb edilir. Səbəb də aydındır. Ilqar Məmmədov prezidentliyə iddialıdır, yeni nəslin təmsilçisidir”, – Erkin Qədirli deyir.

Deputat Zahid Oruc isə son zamanlar tək İlqar Məmmədovun yox, sabiq nazir Əli İnsanovun da hakimiyyətin “qurbanı, cəfakeşi” kimi təqdim edildiyini söyləyir. Ancaq o hesab edir ki, adıçəkilən şəxslər də azadlığa çıxacaq və bu cür yanaşmalar aradan qalxacaq.

“BƏRABƏR KEÇDİK BİZ BU YOLLARI”

Siyasətçinin xanımı Vəfa Məmmədova onu “mehriban, mülayim insan, gözəl dost, yaxşı ata, yaxşı ər” kimi qələmə verir:

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova: "Həqiqətən çox mehriban insandır"
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00
Direct-ə keçid

“Biz bir yerdə işləyirdik, bu yolu da bərabər seçmişik. O yolları bir yerdə keçmişik. Bilirdim ki, nə vaxtsa bu baş verəcək, hazır idim... İlqarın işi uzandıqca uzanır. Ondan sonra həbs edilənlərin çoxu artıq azadlıqdadır. Amma İlqar hələ də həbsdədir. O da başadüşüləndir... Qızıma çətindir. Dördüncü ad günüdür ki, qızım İlqarsız qarşılayır... Düzdür, o artıq hər şeyi başa düşür, atasına haqq verir. Qızım da, mən də bilirik ki, möhkəm dayanmalıyıq, İlqar orda dayanırsa, biz də dayanmalıyıq".

Bu gün – iyunun 14-də İlqar Məmmədov 46 yaşını qeyd edir. 13 yaşlı qızı və xanımı ad günü tortunu dostları ilə bir yerdə kəsir.

Biz doğum günündə onun siyasi portretini cızmağa cəhd etsək də, bu sadəcə, fərqli baxışların atdığı ştrixlər oldu...

XS
SM
MD
LG