İranda milyonlarla əfqan qeyri-müəyyən gələcəklə üz-üzə qalıb. Belə ki, Tehran yeni qadağaların tətbiqinə başlayır, sənədsiz mühacirlərin tibbi xidmət, təhsil, evlə təminat, digər təməl xidmətlərə çıxışı kəsiləcək.
Bu yeni qaydalar martın 21-dən qüvvəyə minir. Bir çox əfqan onlara düşmən kəsilən ev sahibi ilə qeyri-sabit ölkələrinə qayıtmaq kimi ağır seçim arasında qalıblar.
İranda yaşayan əfqan mühacir Rəşid artıq qaydaların təsirini hiss edib. İranda həkimlər onun yaşlı anasının ürəyini müalicə etməkdən imtina edib deyə, o, Əfqanıstana qayıtmalı olub.
“Mənə deyildi ki, Əfqanıstana qayıdım, çünki orada əfqanlar üçün müalicə nəzərdə tutulmayıb”, – Rəşid Tehranda dövlət xəstəxanasında bir məmurla söhbətini yada salır.
“Anamın durumu sürətlə pisləşirdi, mən də ölkəmə qayıtmalı oldum”, – Rəşid AzadlıqRadiosunun Radio Azadi xidmətinə deyib. O, kimliyini qorumaq üçün əsl adını açıqlamayıb.
Tehran yaxınlığındakı Kərəcdə isə başqa bir əfqan mühacir Ehsan Zia deyir ki, iki yeniyetmə qızı daha məktəbə gedə bilməyəcək.
“Ümidlərimiz darmadağın oldu. Qızlarım burada da təhsildən məhrum qaldı”, – o, Radio Azadi-yə söyləyib.
Zia İrana üç il öncə köçüb. Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra yeniyetmə qızların məktəbə getməsini yasaqlayıb. Zianın İranda qalmaq üçün vizası var, amma bürokratik əngəllər və dəyişən qaydalar ona qızlarını məktəbə qoymağa imkan vermir.
Qaydalar kimlərə aiddir?
Bu ayın əvvəlində İran Daxili İşlər Nazirliyində Əcnəbilər və Xarici Mühacirlərin İşləri üzrə Mərkəz (ƏXMİM) elan edib ki, əfqanların altı kateqoriyasının xidmətlərə çıxışı qalacaq. Onlar köçkün kimi qeydiyyatdan keçənlər, vizası və iş icazəsi olanlar, Qərbin dəstəklədiyi keçmiş hökumətin işçiləri və viza üçün müraciət edən məktəbyaşlı uşaqların ailələridir.
Son iki ildə Tehran azı 2 milyon əfqanı deportasiya edib.
ƏXMİM başçısı Nadir Yarəhmədi hökumətin addımlarını müdafiə edir. O, yarırəsmi ISNA xəbər agentliyinə deyib ki, “nisbi sabitlik və Əfqanıstan hökumətinin elan etdiyi siyasətə baxanda Əfqanıstana qayıtmağa əngəl qalmır”.
BMT-nin qaçqınlar üzrə agentliyi – UNHCR İranda 4 milyonadək əfqanın yaşadığını, onlardan azı 2 milyonun sənədsiz olduğunu bildirir. İran rəsmiləri və media isə fərqli rəqəmlər göstərir. Bəziləri İranda 8 milyon əfqanın olduğunu iddia edirlər.
Talibanla gərginlik riski
AzadlıqRadiosunun müxbiri Əbubəkr Siddiqi yazır ki, sənədsiz əfqanlara təzyiqin artması İranda antiəfqan əhval-ruhiyyəsi ilə eyni vaxta təsadüf edir. Yoxsul əfqan miqrantları adətən cinayətlər, təhlükəsizliyin pozulması, işsizliyə görə hədəf seçirlər. Əfqanlara qarşı kütlə zorakılığı baş verir, onları kütləvi həbs edirlər, İran polisi və sərhəd təhlükəsizlik qüvvələri qəddar davranırlar.
“Miqrantlar üçün təməl xidmətlərin kəsilməsi əmək bazarına zərbə vuracaq, daha çox adam kölgə iqtisadiyyatına keçəcək”, – bunu Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunda Əfqanıstan üzrə aparıcı təhlilçi Qraem Smit deyir.
Əfqanlar İranda kənd təsərrüfatı və tikinti sahəsində əmək qüvvəsinin əsas hissəsini təşkil edirlər. Sənədsiz işçilər ölkədən kütləvi çıxarılarsa, bu sektorlara ziyan dəyə bilər.
Smit xəbərdarlıq edir ki, Tehranın siyasəti İranla Əfqanıstan arasında gərginliyi artıra bilər. Taliban əfqan qaçqınlarla rəftara görə qonşu Pakistanla toqquşma yaşayıb.
“Taliban buna reaksiya verə, məsələn, suyun paylaşılmasına məhdudiyyətlər qoya bilər”, – deyə Smit su hüquqları üzrə çoxdan davam edən mübahisəni yada salır.
Ekspertlər Tehranın yanaşmasının iqtisadi və geosiyasi nəticələri ola biləcəyini deyirlər. İran hazırda təcrid olunub, Qərbin sanksiyaları altındadır. Ticari əlaqələrini genişləndirmək, sərhəddə təhlükəsizliyi qorumaq, daha çox inteqrasiya olunmuş regional iqtisadiyyat qurmaqdan ötrü İrana Taliban hökuməti ilə sabit əlaqələr lazımdır.
“Bu təkcə əfqanları ağrıtmayacaq, Tehranın özünə də zərbə vuracaq”, – Smit belə deyir.