Kukilər (cookies) hər yerdədir. Özü də çoxumuz onların nə olduğunu bilmirik. Son aylarda hər bir sayt bizə kukilər haqqında mesaj göstərir. Biz də mesajı oxumadan «OK» cavabı verib, işimizə davam edirik.
Bəs görəsən, kuki nədir və nəyə xidmət edir?
Britaniyanın «The Sun» qəzeti yazır ki, kuki həyatımızdakı önəmi getdikcə artan kompüter fayllarıdır. Kukinin ən bəsit versiyası kompüterinizdə qorunub saxlanan sadə mətn faylıdır.
Kuki sadə mətn faylıdır
Kuki işlədən sayta daxil olduğumuz zaman kuki faylı bizim kompüter, planşet, yaxud telefonumuzda qalır. Onun içində saytın adı və bizim istifadəçi ID-miz olur.
Bu faylın köməyi ilə siz yenidən həmin sayta daxil olanda, sayt sizin artıq daha öncə orada olduğunuzu bilir. Nəticədə şirkətlər sizin haqqınızda müəyyən məlumat əldə edir və saytlarını sizin ehtiyaclarınıza uyğunlaşdıra bilir.
Demək, artıq bildik ki, hər bir kukinin içində ən azı saytın adı və sizə təhkim edilmiş ID var. Ancaq bəzi saytlar öz kukilərinə əlavə məlumat da daxil edir. Kukinin içində bunlardan hər hansı biri ola bilər:
- Sizin saytda keçirdiyiniz vaxtın həcmi
- Bu saytdan istifadə zamanı daxil olduğunuz linklər
- Saytdan istifadə zamanı seçimlərniz və settinqləriniz
- Daxil olduğunuz hesablar
- Keçmişdə daxil olduğunuz səhifələrin qeydiyyatı
- Alış-veriş səbətinizdəki mallar
Hər hansı bazarlama saytı virtual səbətinizə qoyduğunuz malları yadında saxlamaqdan ötrü kukilərdən yararlana bilər.
Sosial şəbəkə saytı isə kukilərdən yol aldığınız linkləri izləmək üçün yararlana, daha sonra bu informasiyanın köməyi ilə sizə daha çox uyğun gələn və marağınıza səbəb olacaq linklər təklif edə bilər.
Kukilər, əsasən, istifadəçilərin saytdan razı qalması üçündür
Ancaq məxfilik tərəfdarları özlərinə aid, xüsusən, daxil olduqları saytlara dair məlumatların haradasa qorunub saxlanmasına qarşıdırlar.
Bəs görəsən, son vaxtlar kukiləri bizə niyə belə çox xatırladırlar?
Ötən ilin mayında Avropa Birliyinin GDPR qanunu (Məlumatların Qorunmasına dair Ümumi Qanun) qüvvəyə minib. Bu sənədə görə, şirkətlər sizə aid məlumatları əldə etmək üçün razılığınızı almalıdır.
Kuki sizi cihazınız vasitəsilə tanıya bilirsə (əksər kukilər tanıyır), deməli, şirkətlər sizdən razılıq almalıdır. Bu səbəbdən son zamanlar saytlar öz kukilərini sizin kompüterlərə atmazdan öncə razılığınızı istəyir.
Bəs görəsən, biz kukiləri qəbul etməliyikmi? Xeyr, kukilər bizi tanıyırsa, onları yerli-dibli rədd edə bilərik. Saytlar sizdən icazə almadan belə kukilərdən istifadə edərsə, GDPR qanununa görə, böyük cərimə ödəməli olarlar. «Ona görə də, haqqınızda informasiya daşıyan kukiləri qəbul etmək istəmirsinizsə, etməyin», - qəzet yazır.
Kukini qəbul etməyəndə nə baş verir?
Bu işin pis tərəfi odur ki, bəzi şirkətlər kukiləri qəbul etməyən istifadəçilərin saytdan yararlanmasına imkan vermir. Özəlliklə GDPR qanununun qəbulundan sonra bəzi saytlar kuki razılığı olmayanda, girişi bloklayır.
Bu, bütövlükdə götürəndə bəzi saytların texniki olaraq kukisiz çalışmaması ilə bağlıdır. Ancaq əksər saytlara kukini qəbul etmədən də daxil olmaq mümkündür.
Kukiləri qəbul etməyin yaxşı tərəfləri də var: saytlar sizə maraqlarınıza daha çox uyğun gələn kontent təklif edə bilir. Məxfi qalıb-qalmamaqdan rahatsız deyilsinizsə, kukiləri qəbul etmək daha yaxşıdır.
Kukilər sizin kompüterinizdə qaldığından, onları silə də bilərsiniz. Bunu kompüterinizin «Settings» hissəsindəki «History» bölümünə girərək gerçəkləşdirə bilərsiniz. Buradakı kukiləri pozmaqla kompüterin yaddaşında kiçik bir hissəni də azad etmək olur. Ancaq nəticədə işlətdiyiniz bütün saytlardan çıxmış olacaqsınız və saytlar sizə əvvəlkindən fərqli görünməyə başlayacaq.