Nüfuzlu italyan jurnalist Tancredi Palmeri twitterdəki səhifəsində Corriere della Sera qəzetinə istinadla iyunun 11-də Marseldə yaşanan qarmaqarışıqlıqda “Lokomotiv” azarkeşlərinin daha fəal olduğunu bildirib. Xatırladaq ki, UEFA İngiltərə - Rusiya oyununun gedişində və sonra baş verən dava-dalaşa Rusiya Futbol İttifaqı haqda intizam işi açıb. Rus azarkeşlər irqçilikdə, pirotexniki vasitələrdən yararlanmaqda və tribunalarda dava-dalaş salmaqda ittiham olunur. UEFA–nın nəzarət, etika və intizam komitəsi ruslara hansı sanksiyanın tətbiq olunacağını çərşənbə axşamı açıqlayacaq.
UEFA-nın intizam reqlamentinə əsasən bu kimi hallarda minimal cəza pul cəriməsidir. Ancaq reqlamentdə daha sərt sanksiyalar da nəzərdə tutulur: yığma azarkeşlərinin əyləşdiyi sektorların qapadılmasından tutmuş xal silinməsinə qədər.
Marseldə baş verən insidentə görə10 futbol xuliqanının həbs olunduğu, eyni zamanda, dördü ağır vəziyyətdə olmaqla 35 nəfərin xəsarət aldığı bildirilir. Həbs olunanlar bazar ertəsi məhkəməyə çıxarılacaq.
1000 yox, 1500 polis olacaq
İyunun 12-də Parisdəki “Park de Prens” stadionunda keçirilən Türkiyə - Xorvatiya oyununda polislərin sayı artırılıb. TASS informasiya agentliyi Paris polisinin rəsmi nümayəndəsinə istinadla stadiondakı polislərinin sayının 1500-ə çatacağını bildirir.
Halbuki əvvəlcə stadionda təhlükəsizliyin qorunması üçün 1000 polis ayrılacağı deyilmişdi.
Konoplyanka qrupdan çıxacaqlarına inanır
Ukrayna yığmasının yarımmüdafiəçisi Yevhen Konoplyanka bu ölkənin Futbol Federasiyasının saytına verdiyi açıqlamada iyunun 12-də keçiriləcək Almaniya ilə oyunla bağlı gözləntilərini bölüşüb: “İndi artıq AÇ-2016-nın final mərhələsinə vəsiqə qazandığımızı düşünməməliyik. İndi biz irəli baxırıq. Hədəfimiz qrupdan çıxmaqdır. Bunun üçün bütün gücümüzü qoyacağıq. Bu gün bütün komandalarla oynamaq olar. Öz yığmama inanıram. Yüz faiz qrupdan çıxacağımızı demək istəmirəm. Ancaq yığmaya inanıram və böyük potensialımızın olduğunu görürəm”.