Keçid linkləri

2024, 03 İyul, çərşənbə, Bakı vaxtı 21:34

Arxiyepiskop Qalstanyan mitinqi Zod kəndində keçirib


Baqrat Qalstanyan iyunun 5-də növbəti mitinqi Geqarkunik mərzinin Sotk (Zod) kəndində keçirib
Baqrat Qalstanyan iyunun 5-də növbəti mitinqi Geqarkunik mərzinin Sotk (Zod) kəndində keçirib

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən keşiş Baqrat Qalstanyan iyunun 5-də növbəti mitinqi Sevan (Göycə) gölünün sahilindəki Geqarkunik mərzinin Sotk (Zod) kəndində keçirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qalstanyan mitinq zamanı demarkasiyanın niyə buradan başlanmamasını sual edib.

Azatutyun bunu da xəbər verir ki, etiraz iştirakçıları bura avtomobil karvanı ilə gəliblər.

Qalstanyan jurnalistlərə deyib ki, onun mübarizəsi təkcə Tavuşa görə yox, bütün Ermənistana görədir.

Arxiyepiskop deyib ki, onlar rayonlara səfərlərə başlayıblar. Amma o əlavə edib ki, iyunun 6-da Sünikdə keçirləcək mitinqi ləğv edib, çünki həftəsonu paytaxt Yerevanda yenə də mitinqə hazırlaşmalıdır.

Hökumət keşişin dialoq tələbini rədd edir

Azatutyun yazır ki, özünü müxalifətin baş nazirliyiə namizədi kimi təqdim edən Qalstanyan hökumət nümayəndələri ilə dialoq tələb edib, lakin müxalifət deputatlarının dediyinə görə hökumət bu tələbi rədd edib.

Bu da xəbər verilir ki, Qalstanyan katolikos II Qaregindən özünün ruhani statusunun dondurulmasını xahiş edib. Eçmiadzin bu ricanın qəbul edildiyini bildirib.

Bununla belə Baqrat Qalstanyan (Sarbazyan) Ermənistan konstitusiyasına görə baş nazirliyə namizədliyini verə bilməz.

Bu da qeyd olunur ki, o hətta Kanada vətəndaşlığından imtina etsə belə, namizədliyi yenə də qeydiyyata alınmayacaq.

Lakin müxalifətin fikrincə, bunu kütləvi aksiyalar vasitəsilə hökumətə təzyiq göstərməklə həyata keçirmək olar.

Hakimiyyət isə bildirir ki, Paşinyanın istefası üçün heç bir ictimai tələb və təzyiq yoxdur, keşişin hərəkatı isə getdikcə zəifləyir.

Bundan əvvəl

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.

Daha sonra bu razılaşmaya əsasən sərhədin delimitasiyasına və sərhəd dirəklərinin basdırılmasına başlanıb.

Razılaşmaya uyğun olaraq Ermənistan silahlı qüvvələri Qazax rayonunun işğal olunmuş dörd kəndindən geri çəkilib və onların mövqelərini Azərbaycan sərhədçiləri tutub.

Erməni Kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.

Bu etiraz Azərbaycanla həmsərhəd Tavuş mərzindən başlanıb. Buradakı bir neçə sərhədyanı kənd – xüsusilə də Kirants kəndinin bəzi sakinləri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına və nəticədə Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına etiraz edirdilər.

Erməni Kilsəsinin ruhaniləri və müxalifət nümayəndələri etirazçılara qoşulmuşdular.

Parlamentdəki müxalifət Nikol Paşinyanın impiçmenti proseduruna hazırlıq görüldüyünü bildirmişdi. Amma onların bu prosedura başlamaq üçün parlamentdə kifayət qədər mandatı yoxdur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG