Kremlyönlü bloq yazarları hava limanında antisemit iğtişaşlar törətməkdə şübhəli bilinənlərlə yumşaq davranışdan niyə razı qalmayıblar?
Dağıstan rəsmiləri oktyabrın 29-da Mahaçkala hava limanında baş verən hücumla bağlı 340-dək cinayət işi açıblar. Hücum zamanı 20-dən çox adam, o cümlədən bir neçə hüquq mühafizə əməkdaşı xəsarət almışdı. Dəyən maddi zərərin yüz milyon dollarlarla ölçüldüyü bildirilir.
Yüzlərlə insandan oluşan qrup antisemit şüarlar səsləndirərək, təyyarədə Qəzzadan gələn yəhudi qaçqınları axtarsa da, rəsmi ittihamların hamısı nümayiş keçirmə qaydalarının pozulması, polisə tabe olmama və xırda xiliqanlıq kimi kiçik inzibati xətalarla bağlıdır.
Ancaq Kremlin sosial mediada ən tanınan və aqressiv dəstəkçiləri – “Z hərbi müxbirləri” bundan narazılıq ifadə edərək, hökuməti hücuma qatılanlara terrorçuluq, ekstremizm, yaxud etnik zəmində nifrət cinayətləri kimi ittihamlar irəli sürməyə çağırıb.
“Yoxsa bunlar müstəsna “rus” maddələridir?”, - noyabrın 2-də Kreml dəstəkçisi olan bir blogerin yazısında səslənən sualdır.
“Ksenofobiya onları birləşdirən özəllikdir”
AzadlıqRadiosu-nun “Kavkaz.Realii” xidmətinin yazısında deyilir ki, bir neçə başqa bloq yazarı “ənənələrə” qayıdaraq, hökumətə tabe olmayan nümayişçilərə “ölüm cəzası” tələb edib.
Təhlilçilər deyirlər ki, belə reaksiya Kremlin HƏMAS-ı dəstəkləmək siyasətinə potensial təhlükədir.
“Federal hökumət düşünürdü ki, sionizmə qarşı dinc prosesə başlaya biləcək. Ancaq onların təbliğatı Rusiya cəmiyyətində nifrətin dərəcəsini artıq inanılmaz səviyyəyə qaldırıb. Nifrət qara qutudur, onun nəticələrini öncədən görmək və ona nəzarət etmək [mümkün deyil”, - politoloq Mixail Savvanən sözləridir.
“Kremlyönlü sosial media kanallarını araşdıran yazıçı İvan Filippov deyir ki, Kremli dəstəkləyən blogerlərin dərdi antisemitizmə qarşı çıxmaq deyil. Onun sözlərinə görə, bu kanallar müxtəlif ideologiya və meyllərin quramasına bənzəsə də, onları birləşdirən iki şey var: Prezident Vladimir Putinə sədaqət və dava-dalaşçı rus millətçiliyi.
“Ksenofobiya onları birləşdirən özəllikdir. İstər dağıstanlılara qarşı ksenofobiyadan söhbət getsin, istər yəhudilərə, ya daermənilərə qarşı – onlar həmişə barrikadanın eyni tərəfində olacaqlar. Nə zaman hansısa “əcnəbiyə” qarşı birləşmək ehtiyacı yaransa, onlar aralarındakı bütün fərqləri unudacaqlar. Onlar çox qəzəblidirlər, axı düşünürlər ki, hökumət qorxduğundan, dağıstanlıları yüngül cəzalandırır, yaxud heç cəzalandırmır. Onların [hücuma] reaksiyası belədir: “Yəhudilərin döyülməsi bizim umrumuza deyil. Biz, sadəcə, bunu başqalarının etməsinə qarşıyıq”, - Filippov AzadlıqRadiosu-nun “Kavkaz.Realii” xidmətinə belə söyləyib.
Təhlilçi Savva deyir ki, Kremli dəstəkləyən kanallar Dağıstandakı guruhu Rusiyadakı sabitlik və ictimai asayişə ciddi təhdid kimi görürlər:
“Bu, cinayətə görə qınama deyil. Bu, hakimiyyətin qoyduğu sərhədləri keçməyə görə qınamadır”.
“Hökumətin reaksiyası yetərincə səmərəlidir”
Dağıstanda çıxan “Novoye demo” nəşrinin müxbiri İdris Yusupov deyir ki, Kremli dəstəkləyən blogerlərin etirazları onların yerli mühiti anlamadığını göstərir:
“İnsanların öz fikirlərini [ifadə etməyə] haqqı var. Ancaq biz onların fikirlərinin nə dərəcədə düzgün olduğuna fikir verməliyik. Mənim fikrimcə, hökumətin reaksiyası yetərincə səmərəlidir”.
Yusupov vurğulayır ki, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin dərhal soruşdurmanı öz nəzarəti altına alıb və cinayət işi açılıb. Onun sözlərinə görə, tanınmış müsəlmanlar, o cümlədən Dağıstandakı din xadimlərinin, habelə Tatarıstan müftisinin insanları sakitləşməyə çağırması hökumətin fərq qoymadan hamını təqib edəcəyi qorxusundan qaynaqlanırdı.
Oktyabrın 30-da Yusupovun özünün evində axtarış aparılıb. Müstəntiqlər insanları hava limanına toplaşmağa çağırış yayan “Telegram” kanalı ilə bağlı bilgi axtarırdılar.