Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:07

«Çalışıram ki, atəşkəsin pozulması məsələsi gündəlikdən çıxsın»


Kasprşikin fikrincə, Azərbaycan və Ermənistan ordusunda nizam-intizam problemi var
Kasprşikin fikrincə, Azərbaycan və Ermənistan ordusunda nizam-intizam problemi var

Son zamanlar qoşunların təmas xəttində atəşkəs tez-tez pozulduğundan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycan və Ermənistanın müdafiə nazirlərini görüşdürmək niyyətindədir. O bunu «Azadlıq» radiosuna müsahibəsində deyib.


«Qoşunların təmas xəttində və ya sərhəd bölgələrində atəşkəsin pozulması, insanların ölümü məni həmişə hiddətləndirir. Məncə, atəşkəs dövründə bu qətiyyən yolverilməzdir. Mənim apardığım monitorinqlərin də məqsədi bu cür atışmalardan qaçmaqdır.


Amma, son zamanlar mənim məlumatıma görə, zərər çəkənlər və itkilər olub. Həm Azərbaycan, həm də erməni tərəfdən. Mən bu məsələni ən yüksək səviyyədə qaldırdım və dediklərim də anlayışla qarşılandı. Buna görə də mən nazirlərin görüşünü təşkil etmək istəyirəm. Amma, bu təkcə məndən asılı məsələ deyil. Qərarı nazirlər verməlidirlər. Hətta nazirlər razılaşmasalar belə, baş qərargah vasitəsilə də danışıq aparmaq olar. Əsas odur ki, tərəflər atəşkəsi möhkəmləndirsinlər və qurbanlar olmasın».


«Əsgərlərin nizam-intizam məsələsi ilə bağlı problemlər var. Bəlkə də zabitlər əsgərləri tam nəzarətdə saxlamırlar»
-Müdafiə nazirlərinin təklifə cavabı necə oldu? Tərəflər belə görüşə hazırdırlarmı?


-Deməliyəm ki, tərəflər itkilərdən qaçmaq yönündə bu addımı anlayışla qarşılayırlar. Çünki, belə bir görüşün keçirilməsi vacibdir, faydalıdır. Amma nazirlər görüşməyə də, bilərlər. Başlıcası odur ki, hərbçilər öz aralarında qərar versinlər və qaynar nöqtələrdəki gərginlikdən qaçmağın yolunu axtarsınlar.


-Cənab Kasprşik, sizcə, son zamanlar atəşkəsin tez-tez pozulmasının səbəbi nədir?


-Siyasi baxımdan atəşkəsi qoruyub-saxlamaq istəyi var. Bu istək olmasa vəziyyət çox pis olardı. Ancaq siyasi istəkdən başqa, tərəflər itkidən qaçmaq üçün hər şey etməlidirlər. Atışmanın baş verməsinin səbəbi isə çoxdur. Əsgərlərin nizam-intizam məsələsi ilə bağlı problemlər var. Bəlkə də zabitlər əsgərləri tam nəzarətdə saxlamırlar. Bu halda əsgərlər düşməni qorxutmaq istəyirlər, bəlkə də özləri qorxurlar, qarşı tərəfə xəbərdarlıq etmək istəyirlər. Bunun səbəbi çoxdur. Dediklərim hər iki tərəfə də aiddir.


-Sizin təşəbbüsünüz nəticə verəcəkmi?


-Mən çalışıram ki, yaxın aylarda atəşkəsin pozulması kimi bir sual gündəlikdən çıxsın.


-Bu günlərdə beynəlxalq ekspert qrupunun işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı monitorinqi başa çatdı. Sizin hazırladığınız hesabatdan fərqli olaraq növbəti hesabatda yanğının səbəbi göstəriləcəkmi?


-Mənim hesabatım qaçaraq hazırlanmışdı. Növbəti hesabat daha təfsilatlı olacaq. O ki qaldı, ekspertlərin yanğının baş vermə səbəblərini hesabatda göstərib-göstərməyəcəklərinə, bunu deyə bilmərəm. Hər halda, çətin də olsa ekspertlərin yanğının səbəbini müəyyənləşdirmək imkanları ola bilər. Bu artıq onlardan asılıdır.


-Yanğının nəticələrini aradan qaldırmaq üçün konkret işlərin görülməsinə nə zamandan başlanacaq?


-Əvvəlcə hesabat ATƏT-ə təqdim olunacaq. Baxaq görək sonra nə olacaq. Təcili görülməli işlərlə bağlı mən də mandatım çərçivəsində təzyiq göstərəcəyəm. Amma, deməliyəm ki, əməkdaşlıqla bağlı tövsiyələr də olacaq.


-Növbəti həftə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri Parisdə görüşəcəklər. Həmin görüşdə Minsk qrupunun həmsədrləri ilə yanaşı siz də iştirak edəcəksiniz. Bu görüşdən nə gözləyirsiniz?


-Məncə, danışıqların bu mərhələsi çox intensivdir. Düşünürəm ki, müzakirə olunan məsələlər tərəflərin yanaşmasında əksini tapacaq. Məncə, tərəflər həmsədrlərə müzakirə olunacaq məsələlərlə bağlı mövqeləri yaxınlaşdırmağa da imkan verəcəklər. Amma, bu bir ümiddir, əslində nə baş verəcək bilmirəm.


XS
SM
MD
LG