Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 04:09

Gulnara Karimova və havadarları məhkəməyə verildi


Gulnara Karimova (arxiv fotosu)
Gulnara Karimova (arxiv fotosu)

Bloomberg agentliyi xəbər verir ki, aprelin 21-də ABŞ-ın Ədliyyə Departamenti Manhettenin federal məhkəməsinə Özbəkistan prezidentinin böyük qızı Gulnara Karimova və onun havadarları barədə şikayət ərizəsi göndərib.

Karimova və havadarları nazirliyin İsveçrə banklarındakı hesablarda saxlanan 550 milyon dollardan çox pulu qaytarmaq barədə tələbinə məhəl qoymamaqda ittiham olunurlar.

Manhetten Federal Məhkəməsinə ərizə təqdim etmiş prokuror bildirir ki, Gulnara Karimova və havadarları ABŞ Ədliyyə Departamentinin sözügedən üç bank hesabı barədə məlumatın təqdim edilməsi barədə müraciətinə cavab verməyiblər. Müraciət bu ilin fevral ayında göndərilib.

Ədliyyə Departamentinin fevral müraciətində Gulnara Karimovanın adı çəkilmir. Sənəddə yaınız «Özbəkistan hökumətinin yüksək rütbəli məmurunun yaxın qohumuna» rüşvət verildiyi iddia olunur.

Bu dəfə isə Ədliyyə Departamenti Gulnara Karimova və havadarlarının adını çəkib.

Sözügedən ərizə Amsterdamda yerləşən Vimpelcom telekommunikasiya şirkətinə qarşı korrupsiya ittihamı ilə başlanmış işlə bağlıdır.

Bundan əvvəl VimpelCom Özbəkistanda korrupsiya əməlləri ilə məşğul olduğunu etiraf etmiş, ABŞ və Niderlandın antikorrupsiya orqanlarına 795 milyon dollar həcmində cərimə ödəməyə razılıq vermişdi.

Bloomberg bildirir ki, Özbəkistan prezidentinin mətbuat xidməti və ölkənin ABŞ-dakı səfirliyi ABŞ Ədliyyə Departamentinin şikayət ərizəsi ilə bağlı hər hansı bir şərh verməyib.

Bəs havadarlar kimdir?

Məhkəməyə verilənlər arasında Karimovadan başqa altı şəxs və iki şirkət də var. Şirkətlərdən biri Cəbəllütariqdə qeydiyyatdan keçmiş «Takilant Ltd»dir.

Ədliyyə Departamentinin ərizəsində deyilir ki, «Takilant«ın sahibi «Özbəkistan prezidentinin qohumudur».

Bu ilin yanvarında Özbəkistan hökuməti ABŞ-ın Ədliyyə Departamentinə məktubla müraciət edərək bildirmişdi ki, ölkə iri korrupsiya sxeminin qurbanı olub və Qərb ölkələrindəki dondurulmuş hesablarda olan pulları geri qaytarmaq istəyir.

Maraqlı məqamladan biri odur ki, Özbəkistanın Ədliyyə Nazirinin imzaladığı həmin məktubda Gulnara Karimovanın adı bircə dəfə də çəkilmir. Halbuki məktubda Karimova ilə vətəndaş nikahında olan Rustam Madumarov və Karimovanın köməkçisi Qayane Avakyan ölkədə iri korrupsiya cinayətləri törətmiş əsas şəxslər kimi təqdim olunur.

2014-cü ildə adı çəkilən hər iki şəxs insan oğurluğunda təqsirli bilinərək Özbəkistanın Hərbi məhkəməsi tərəfindən müvafiq olaraq 9 və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gülnarə Karimovanın korrupsiya sxemi
Gülnarə Karimovanın korrupsiya sxemi

2012-ci ildə Özbəkistanda Ucell adı ilə işləyən İsveçin TeliaSonera telekommunikasiya şirkətinin korrupsiya fırıldaqları ilə bağlı jurnalist araşdırmasında Gulnara Karimovanın adı çəkilirdi. 2013-cü ildə isə ABŞ və bir neçə Avropa ölkəsi Özbəkistandakı iri maliyyə fırıldaqları ilə bağlı araşdırmalara başlayıblar. İsveçin TeliaSonera, Rusiyanın VimpelCom və MTS telekommunikasiya şirkətləri Karimovanın nəzarətində olan şirkətlərə iri həcmdə rüşvət verməkdə şübhəli bilinirdilər.

Maliyyə ekspertləri Gulnara Karimovanın 1 milyard dollara qədər rüşvət aldığını bildirirlər.

ABŞ-ın istintaq orqanları təqribən bir milyard dollarlıq maliyyə aktivlərini dondurmağa nail olublar. Bu məbləğin 800 milyon frankının İsveçrə bankarında dondurulduğu bildirilir.

Bu irimiqyaslı korrupsiya ittihamlarından sonra Gulnara Karimovanın Özbəkistanda problemləri başladı. 2014-cü ildə o ev dustağı oldu. Onun sonrakı taleyi məlum deyil.

Bu ay AzadlıqRadiosu Gulnara Karimovanın şəxsi mühasibi olmuş Nurmuhammad Sadıkovun 18 il azadlıqdan məhrum edildiyi barədə xəbər vermişdi. Ancaq onun barəsində hökmün nə zaman və hansı məhkəmə tərəfindən çıxarıldığı məlum deyil. Ölkənin məhkəmə-istintaq qurumları da bu barədə hər hansı bir şərh verməkdən imtina ediblər.

XS
SM
MD
LG