Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 12:17

'Siqaret çəkməyən adamı narkotiklə şərləyirlər…'


Elşən Abbasov
Elşən Abbasov

“Müsəlman Birliyi Hərəkatı”nın üzvü, təşkilatın sədri Taleh Bağırovun tərəfdarlarından olan Elşən Abbasov bugünlərdə narkotik ittihamıyla həbs edilib.

İddia edilir ki, onun üstündən 8 qram narkotik maddə tapılıb. Ailə üzvləri isə deyirlər ki, yalandır, Abbasovu Bərdədə iş yerinin yaxınlığında bir neçə mülki geyimli şəxs zorla maşına mindirərək, Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib. Yaxınları iddia edirlər ki, həmin narkotiki də polislərin özləri qoyub.

Abbasova CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Martın 14-də Bakı Apellyasiya Məhkəməsində Abbasov haqqında həbs qətimkan tədbirinin dəyişidirilməsi, onun istintaqda dövründə ev dustaqlığında olması üçün vəkilinin verdiyi şikayətə baxılıb.

Vəkili Nemət Kərimlinin AzadlıqRadiosu-na bildirdiyinə görə, məhkəmədə inanclı fəalın özü də iştirak edib. Hakim Vaqif Mursaqulov şikayəti təmin etməyib, onu həbsdə saxlayıb.

“Qarşısına elə şərtlər qoyublar ki...”

Abbasov məhkəmədə özünü təqsirli bilmədiyini, narkotikin ona aidiyyəti olmadığını deyib.

Yaxınları AzadlıqRadiosu-na bildiriblər ki, o, tutulandan sonra təzyiqlərə məruz qalıb:

“Qarşısına elə şərtlər qoyublar ki, onu o ifadəyə qol çəkməyə məcbur ediblər. Siqaret çəkməyən adamı narkotiklə şərləyiblər. Halbuki, onun necə mərd, əxlaqlı bir adam olduğunu bütün Bərdə əhalisi yaxşı bilir”.

Ailə üzvləri əlavə ediblər ki, Abbasovun təzyiqə məruz qalması ilk dəfə deyil. O, 2012-ci ilin oktyabrında hicab qadağasıyla bağlı aksiyada iştiraka görə 1 il həbsdə olub.

2017-ci ildə isə növbəti dəfə həbs edilib, qanunsuz silah saxlama və narkotik ittihamıyla 2 il 6 ay azadlıqdan məhrum edilib:

“Anlaya bilmirik ki, bu adama nə veriblər, ala bilmirlər...”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da daxil olmaqla, təşkilatın bir sıra üzvləri həbsdədirlər.

Onlar ölkədəki ictimai-siyasi durumu tənqid etdiklərinə görə siyasi sifarişlə həbs olunduqlarını iddia edirlər.

Rəsmilər isə onların konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bildirirlər.

XS
SM
MD
LG